Mənəvi zərərin ödənməsi: qanun və qərarlar nə deyir?

tD71o0u2vy4KAzərbaycan qanunları şəxsə vurulmuş mənəvi zərərin əvəzini tələb etmək hüququ verir. Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi Dünyamin Novruzov bildirir ki, bu növ tələblərlə bağlı məhkəmə təcrübəsində kifayət qədər problem mövcuddur: “Bu, zərərin özünün mahiyyəti, yəni pulla ifadəsinin çətinliyi ilə də bağlıdır.

Qanunvericilikdə konkret norma mövcud olmadığından məsələ müxtəlif normativ-hüquqi sənədlərlə tənzimlənir. Məsələn, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 12-ci maddəsinə görə, istehlakçıların hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir.

“Turizm haqqında” qanunun 6-cı maddəsinə görə, turistin turizm məhsulunun pərakəndə alğı-satqı müqaviləsi şərtlərinin turist operatoru və ya turist agenti tərəfindən yerinə yetirilmədiyi hallarda ona dəymiş maddi və mənəvi zərərlərin əvəzinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ödənilməsini tələb etmək hüququ var.

Məhkəmələr mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı iddialara baxarkən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 31 may 2002-ci, Ali Məhkəmə Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli qərarlarına istinad edir.

Konstitusiya Məhkəməsinin qərarında qeyd olunur ki, mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.

Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

Konstitusiya Məhkəməsinin qərarında deyilir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi konstitusiya ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmalıdır və hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.

Ali Məhkəmə Plenumunun 3 noyabr 2008-ci il qərarında məhkəmələrə tövsiyə olunur ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Mülki Məcəllədə müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Həmçinin məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər.

Həmin qərarda qeyd olunur ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və sair), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

Mülki qanunvericilikdə şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi həyat sirri və şəxsi toxunulmazlıqla bağlı pozuntuların nəticəsində dəymiş zərərin ödənilməsi nəzərdə tutulsa da, digər şəxsi qeyri-əmlak hüquqlarından və qeyri-maddi nemətlərdən istifadə etmək hüquqlarının pozulması nəticəsində vurulmuş zərərin ödənilməsi müəyyən olunmayıb.

Bunu nəzərə alan Konstitusiya Məhkəməsi sözügedən qərarında Milli Məclisə Mülki Məcəllədə digər qeyri-əmlak hüquqlarının və qeyri-maddi nemətlərin müdafiəsini müəyyən etməyi tövsiyə edib” .