Azərbaycanda tibbi kosmetika zavodu tikiləcək

Sharing is caring!

kollegiya-22-07-2017-1

“Ötən illərdə ölkədə Sumqayıt Kimya Sənaye, Balaxanı, Qaradağ, Mingəçevir və Pirallahı sənaye parkları yaradılıb. Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyalarının həcmi 1,2 milyard dollar təşkil edən 10 müəssisəyə rezident statusu verilib”.

Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev bildirib. O qeyd edib ki, 2013-cü ildə fəaliyyətə başlayan və 760 nəfərdən çox işçinın çalışdığı «Azertexnolayn» zavodunda təkcə bu ilin 6 ayı ərzində 65 mln. manatlıq məhsul istehsal olunub.

Sənaye Parkında bu il daha 5 müəssisə, 2018-ci ildə isə 3 müəssisə fəaliyyətə başlayacaqdır. Bu müəssisələrdə 900-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur:““Yaşıl iqtisadiyyat”ın, təkrar emal sənayesinin inkişafında əhəmiyyətli rola malik olan Balaxanı Sənaye Parkında 23 milyon manat investisiya yatırmaqla tullantıların təkrar emalı üzrə 5 müəssisə fəaliyyətə başlamağa hazırdır və bu müəssisələrdə 400-ə yaxın yeni iş yeri yaradılıb.

Gəmiqayırma sahəsində ixtisaslaşmış Qaradağ Sənaye Parkında Bakı Gəmiqayırma Zavodu fəaliyyət göstərir və zavodda yüksək yükgötürmə qabiliyyətinə malik tanker, dəniz təchizat gəmisi və digər təyinatlı gəmilərin istehsalı həyata keçirilir. Artıq Bakı Gəmiqayırma Zavodunda 10-larla gəmi tikilərək istifadəyə verilib. 60-dan çox gəmi təmiri işləri həyata keçirilib. Hazırda müəssisə tərəfindən BP şirkətinin sifarişi ilə dəyəri 378 milyon ABŞ dolları olan «Xankəndi» sualtı tikinti gəmisinin və 2 ədəd «Ro-pax» tipli gəmi bərənin inşası işləri davam etdirilir”.

Nazir deyib ki, Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən ayaqqabı, tibbi kosmetika, iplik, boyama, toxuma, tikiş və corab istehsalı üzrə 9 fabrikin yaradılması və 5 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulur. Artıq Sənaye Parkının rezidenti «Mingəçevir Tekstil» MMC 2 növdə ipliklərin istehsalı fabrikinin tikintisinə başlamışdır. Dəyəri 46 milyon ABŞ dolları olan layihə çərçivəsində 550 yeni iş yerinin yaradılması və fabrikin 2017-ci ilin sonlarında istismara verilməsi nəzərdə tutulur.

Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində həyata keçirilən mühüm tədbirlərdən biri də ölkəmiz üçün yeni sənaye sahəsi olan əczaçılıq məhsulları istehsalının yaradılmasıdır. Bu məqsədlə Pirallahı Sənaye Parkında artıq 2 dərman zavodunun təməli qoyulub. Dəyəri 4 mln. ABŞ dolları olan və birdəfəlik şprislərin istehsalını nəzərdə tutan «Diamed Co» zavodunun tikintisinə isə yaxın zamanlarda başlanılacaq və müəssisə 2018-ci ilin 1-ci yarısında istismara veriləcək. Ümumilikdə bu müəssisələrdə 350-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur.

Ş.Mustafayevin sözlərinə görə, hazırda Türkiyənin, BƏƏ-nin, Yaponiyanın və Cənubi Koreyanın aparıcı şirkətləri ilə əczaçılıq məhsullarının birgə istehsalının təşkilinə dair danışıqlar aparılır.
Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsi baxımından sənaye zonalarının yaradılması böyük əhəmiyyət kəsb edir. Belə ki, Neftçala Sənaye Zonasında 3 müəssisə artıq fəaliyyətə başlayıb, daha 6 müəssisənin isə bu il fəaliyyətə başlaması nəzərdə tutulur.
Masallı Sənaye Zonasına sahibkarlar tərəfindən böyük maraq göstərilir və artıq onlar tərəfindən dəyəri 33 milyon manatdan çox olan 33 layihə təqdim olunub.

Ənənəvi sənaye sahələrindən olan xalçaçılığın inkişafı məqsədi ilə «Azərxalça» ASC tərəfindən 10 rayonda xalça müəssisələrinin tikintisinə başlanıb.

 

www.oxu.az 

shares