19.03.2019

Dövlət Miqrasiya Xidməti — 12 il

Martın 19-da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılmasından 12 il ötür

Prezident İlham Əliyevin 2010-cu il 17 mart tarixli Sərəncamı ilə hər il martın 19-u Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra miqrasiya proseslərinin tənzimlənməsi məsələsi yeni ictimai-iqtisadi formasiyanın ən aktual problemlərindən biri kimi gündəliyə gəlsə də, bu istiqamətdə ilk praktiki addımlar ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra atılıb. Azərbaycanın müharibə şəraitində yaşamasını, 1 milyondan çox insanın doğma torpaqlarından didərgin düşməsini, o cümlədən respublikanın əlverişli coğrafi-siyasi məkanda yerləşməsini, əhəmiyyətli tranzit-kommunikasiya imkanlarını nəzərə alan böyük strateq Heydər Əliyev daxili və xarici miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində əməli tədbirlər həyata keçirib.

İctimai-siyasi, iqtisadi sabitliyin təmin olunması, habelə hərtərəfli inkişafda lokomotiv rolunu oynayan “Əsrin müqaviləsi”nin imzalanması respublikaya xarici investisiya axınının sürətlənməsinə, əlverişli biznes və sərmayə mühitinin formalaşmasına təkan verib, yerli əmək bazarının inkişaf etməsi, yeni iş yerlərinin açılması, xüsusən də əmək miqrantlarının respublikamıza marağını gücləndirib.

Həmin dövrdə modern texnologiyalarla işləyən yerli kadrların yoxluğu nəzərə alınaraq əcnəbi mütəxəssislərin ölkəyə gəlməsinə liberal yanaşılırdı. Həyata keçirilən kompleks tədbirlər nəticəsində uzun illər ərzində ölkəyə miqrantların daxil olması yerli əmək bazarının tələbinə uyğunlaşdırılıb, qeyri-leqal miqrasiya proseslərinə qarşı səmərəli mübarizə tədbirləri görülüb.

Son illərdə Azərbaycanda sürətli sosial-iqtisadi inkişaf, enerji, nəqliyyat sahələrində beynəlxalq kommunikasiyaların genişlənməsi, eyni zamanda, ölkəmizin geosiyasi mövqeyi miqrasiya proseslərinin daha da intensivləşməsinə səbəb olub. Eyni zamanda, ölkəmizin bir sıra dövlətlərlə vizasız gediş-gəliş rejiminin mövcud olması nəticəsində respublikamızın ərazisindən tranzit qaydada keçən və ya qısa müddətə gələn, üçüncü dövlətlərə getməyə, yaxud qanuni əsaslar olmadan yaşamağa cəhd göstərən əcnəbilərin sayı getdikcə artırdı. Bütün bunlar ölkənin inkişafı və təhlükəsizliyinin təmini baxımından milli maraqlara uyğun miqrasiya siyasətinin həyata keçirilməsini, miqrasiya proseslərinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsi və inkişafını, dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini, habelə bu sahədə beynəlxalq əməkdaşlığı obyektiv zərurətə çevirmişdir. Bütün bu reallıqları nəzərə alan Prezident İlham Əliyev son illərdə miqrasiya proseslərinin vahid dövlət siyasəti ilə tənzimlənməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsini təmin edib.

Dövlətimizin başçısı bu istiqamətdə ilk mühüm addımlarından biri kimi 2006-cı ilin iyulun 25-də “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramının təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb. Kompleks tədbirlər sistemini əks etdirən Dövlət Proqramında miqrasiya idarəetmə sisteminin inkişafı, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqinin effektivliyinin təmin edilməsi, miqrasiya sahəsində vahid məlumat bankının, müasir avtomatlaşdırılmış nəzarət sisteminin yaradılması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, miqrantlarla bağlı sosial müdafiə tədbirlərinin həyata keçirilməsi və digər mühüm məsələlər yer almışdır. Dövlət Proqramı əsasında miqrasiya sahəsində vahid dövlət siyasətini həyata keçirən xüsusi dövlət orqanının yaradılması da obyektiv zərurət kimi meydana çıxmışdır. Bu zərurəti nəzərə alan Prezident İlham Əliyev 2007-ci il martın 19-da Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında Fərman imzalayıb. Miqrasiya sahəsində dövlət siyasətini, habelə miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən DMX-yə qısa zamanda hüquq-mühafizə orqanı statusu verilib. Xidmət fəaliyyətə başlayandan qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsinə, qanunların tətbiqində yol verilə biləcək nöqsan və sui-istifadələrin, tənzimlənməyən miqrasiya proseslərinin neqativ təsirinin aradan qaldırılmasına, sabit demoqrafik inkişafa, qeyri-qanuni miqrasiyaya qarşı effektiv mübarizə tədbirlərinin gücləndirilməsinə çalışır.

DMX bu gün ölkə ərazisində müvəqqəti olan, habelə müvəqqəti və daimi yaşayan əcnəbilərin Azərbaycan qanunvericiliyinin tələblərinə riayət etmələrinə nəzarəti həyata keçirir, mövcud qanunvericiliyin tələblərini pozmuş əcnəbilərin ölkə ərazisindən çıxarılması üçün müvafiq tədbirlər görür. Həmçinin, ölkə¬dəki qanunsuz miqrantlarla bağlı araşdırma, təhlil və təftiş işləri apararaq onların ölkə ərazisindən çıxarılması işinə ciddi nəzarət edir.

Ötən 12 ildə idarəetmənin təkmilləşdirilməsi, peşə hazırlığının yüksəldilməsi, xidməti intizamın möhkəmləndirilməsi, normativ hüquqi və maddi-texniki bazanın yaradılması istiqamətində əməli tədbirlər həyata keçirilib. Xalqımıza, dövlətimizə, dövlətçiliyimizə sədaqət və fədakarlıqla xidmət edən Dövlət Miqrasiya Xidmətinin əməkdaşları qarşıya qoyulmuş tapşırıqları hər zaman uğurla yerinə yetiriblər. Ölkəmizdə keçirilən mötəbər beynəlxalq idman yarışları – IV İslam Həmrəyliyi Oyunları, Formula-1 Azərbaycan Qran-Prisi, Bakı şəhərində və Göygöl rayonunda keçiriləcək voleybol üzrə qadınlar arasında 2017-ci il Avropa çempionatının final mərhələsi və digər beynəlxalq tədbirlərdə Xidmətin qarşısına qoyulmuş tapşırıqların icrası tam təmin edilib. Ümumiyyətlə ölkəmizdə keçiriləcək beynəlxalq tədbirlərlə bağlı da DMX-nın qarşısında mühüm tapşırıqlar qoyulub. Şübhə yoxdur ki, Xidmət bu dəfə də üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək.

Ali diqqət və qayğı, eyni zamanda, ciddi nəzarət, tələbkarlıq sayəsində DMX-nın qarşıya qoyulan, qanunvericiliklə üzərinə düşən bütün vəzifələrin öhdəsindən gələ bilən, yüksək peşəkarlığa malik mobil bir quruma çevrilib.

Dövlət Miqrasiya Xidmətinin 12 illik fəaliyyətində daim ölkə başçısının fərman və sərəncamlarını, tapşırıqlarını, tövsiyələrini rəhbər tutur, göstərilən yüksək diqqət və qayğının müqabilində işini ən müasir tələblər səviyyəsində qurmağa çalışır. Bu illər ərzində Xidmət formalaşmış, güclənib. Bu gün Azərbaycanın iqtisadi maraqlarının qorunması üçün Miqrasiya Xidmətinin çox mühüm rolu var.

Mənbə azertag.az


Digər xəbərlər


İlham Əliyev və Mehriban Əliyeva Türk Şurasının VII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları ilə birgə şam ediblər (FOTO)

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıd...

"Barış pınarı" antiterror əməliyyatı nəticəsində artıq 560 terrorçu məhv edildi

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi «Barış pınarı» antiterror əməliyyatı nəticəsində məhv edilən PKK/PYD və Y...

Qaza aid sayğaclar yenilənir

“Azəriqaz” İstehsalat Birliyi ölkədə əhali abonentlərinin qaz xətləri üzərində quraşdırılan və istismar müddəti başa çatan qaz sayğaclarının əvəz edi...

Mollalar Türkiyəni arxadan vurdu

Suriyanın şimalında fəaliyyət göstərən kürd terror təşkilatlarının rəhbərlərindən biri İrana bağlı yaraqlıların hücumuna məruz qaldıqlarını bəyan edi...