15.03.2019

Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyətinə dair hesabatı dinlənilib — FOTOLAR

Martın 15-də Milli Məclisdə növbəti plenar iclas keçirilib.

İclasda Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyətinə dair illik hesabatı dinlənilib.

Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, bu gün Konstitusiyaya uyğun olaraq Nazirlər Kabineti ötən ildəki fəaliyyəti barədə hesabat verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatında həyata keçirilən dinamik dəyişikliklər bu gün Milli Məclisə təqdim edilən hesabatda dəqiq və dolğun ifadəsini tapıb.

Sədr bildirib ki, 2018-ci il ölkəmizin sosial-iqtisadi həyatında əlamətdar il olub. Nazirlər Kabinetinin iclasında dövlətimizin başçısının qeyd etdiyi kimi, 2018-ci il dərin iqtisadi islahatlar ili olub və bu islahatların nəticələrini indi hər kəs görür. Həyata keçirilən iqtisadi islahatların nəticəsidir ki, dünyada mürəkkəb proseslərin cərəyan etdiyi bir şəraitdə iqtisadiyyatımızın dayanıqlığı təmin olunub, iqtisadiyyatın inkişafına yeni təkan verilməsi üçün möhkəm əsaslar yaranıb. Onu da qeyd etmək lazımdır ki, cari ilin əvvəlindən minimum əməkhaqqının, əmək pensiyalarının, bütün növ sosial müavinətlərin, təqaüdlərin əhəmiyyətli dərəcədə artırılması, xarici valyutada götürülmüş kreditlərin artan hissəsinin ödənilməsi barədə qərarın qəbul edilməsi məhz əvvəlki illərdə, xüsusən 2018-ci ildə həyata keçirilən tədbirlərin nəticəsində mümkün olub.

“Əlamətdar haldır ki, aparıcı beynəlxalq təşkilatlar, nüfuzlu reytinq mərkəzləri Azərbaycan dövlətinin reallaşdırdığı bu islahatları yüksək qiymətləndiriblər. Dünya Bankının “Doing Business-2019” hesabatında biznes mühitinin əlverişliliyinə görə ölkəmiz əvvəlki illərlə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerə yüksəlib. Ölkəmizin kredit reytinqinə görə də mövqeyi xeyli möhkəmlənib. Digər beynəlxalq reytinq agentliklərinin hesabatlarına görə də Azərbaycanın mövqeləri əhəmiyyətli dərəcədə yaxşılaşıb”,- deyə parlamentin sədri bildirib.

Oqtay Əsədov deyib ki, 2018-ci il dövlətimizin müasir tarixində xüsusi yerə layiq olan bir sıra layihələrlə yadda qalıb. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft ixracının stimullaşdırılması, aqrar sahəyə dövlət dəstəyinin artırılması istiqamətində ciddi addımlar atılıb. Ölkənin valyuta ehtiyatları 3 milyard dollar artaraq, ilin sonuna 45 milyard dollara bərabər olub. Xarici dövlət borcu 22,8 faizdən 19 faizə düşüb. Ötən ilin uğurlarından biri də xarici ticarət dövriyyəsində 8 milyard dollarlıq müsbət saldonun yaranması olub.

Sədr diqqətə çatdırıb ki, Nazirlər Kabinetinin illik hesabatlarının parlamentdə dinlənilməsi parlamentlə hökumət arasında təmasların artmasına, sosial-iqtisadi inkişaf məsələlərinin obyektiv araşdırılmasında və həllində deputatların iştirakına şərait yaradır. Həmişə olduğu kimi, ötən il Milli Məclisdə hesabatın müzakirəsi zamanı irəli sürülmüş təkliflər hökumət tərəfindən diqqətlə araşdırılıb. Milli Məclisin deputatlarının təkliflərinin icra vəziyyəti ilə bağlı görülmüş işlərə dair ətraflı məlumat bizə təqdim edilib.

“Hesab edirəm ki, bu gün keçirəcəyimiz müzakirələr də faydalı olacaq, hökumətin fəaliyyətinin səmərəliliyinin daha da artmasına öz töhfəsini verəcəkdir”, — deyə Oqtay Əsədov söyləyib.

Sonra Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin 2018-ci ildəki fəaliyyətinə dair hesabatla çıxış edib.

Daha sonra hesabatla bağlı müzakirələrə başlanılıb.

Mənbə AZƏRTAC


Digər xəbərlər


Bakıda gecəyarısı əsən külək fəsad törətdi - Foto

Bakıda külək bir sıra fəsadlar törədib. «Report» xəbər verir ki, külək paytaxtın Nizami rayonu, İsmayıl Məmmədo...

“Arsenal” Mxitaryanı satmaq istəyir

Henrix Mxitaryan Premyer Liqada çıxış etməyə başladığı 2016-cı ildən bəri yaxşı oyun ortaya qoya bilmir. Üç il əvvəl “Borussiya Dortmund”dan “Mançest...

İtaliyada 3 terrorçu zərərsizləşdirilib

İtaliya polisi 2017-ci ildən axtarışda olan üç terrorçunu həbs edib. Yerli mətbuata istinadla xəbər verilir ki, həbs edilən terrorçular son illərd...

Azərbaycanda daha bir muzey istifadəyə verildi -"Siyasi repressiya qurbanları mu­zeyi" - FOTO

Dövlət Sər­həd Xidmətinin inzibati binasında “Siyasi repressiya qurbanları mu­zeyi”nin açılışına həsr olunmuş tədbir keçirilib. DSX-dən verilən mə...