17.05.2019

Bakı — Həştərxan ilk birbaşa reysi həyata keçirilib

“Buta Eyrveys” aşağıbüdcəli aviaşirkəti Bakıdan Rusiya Federasiyasının daha bir şəhərinə – Həştərxana birbaşa reyslər həyata keçirməyə başlayıb.
Artıq Bakıdan Həştərxana və geriyə ilk birbaşa aviareys həyata keçirilib.

Aviasiyanın çoxdankı ənənəsinə görə, yeni aviareysin açılışı təyyarənin uçuş meydanında su tağından keçməsi ilə qeyd edilib. Həştərxanın Nərimanov Aeroportunda ilk reysin sərnişinlərini duz-çörək və musiqi ilə qarşılayıblar. Sərnişin tutumu 106 nəfər olan “Embraer” təyyarəsi Həştərxana 92 sərnişin gətirib.

“Buta Eyrveys” aviaşirkətinin direktoru Nazim Səmədov da ilk reysin sərnişinləri arasında olub. Onun sözlərinə görə, Bakı və Həştərxan arasında birbaşa hava nəqliyyatının açılması şəhərləri birləşdirəcək, Azərbaycan ilə Rusiya Federasiyası arasında iqtisadi və biznes münasibətlərinin genişlənməsində mühüm rol oynayacaq.

Nazim Səmədov bildirib ki, Həştərxan loukosterin Rusiyada altıncı istiqamətidir. Aviaşirkət Bakıdan Moskvaya, Sankt-Peterburqa, Kazana, Mineralnı Vodıya və Ufaya artıq müntəzəm reyslər həyata keçirir. O deyib: “Buta Eyrveys” uçuşların coğrafiyasını daim genişləndirir. Bu da turizmin inkişafı nöqteyi-nəzərindən çox əhəmiyyətlidir. Aviaşirkətin birbaşa reyslər həyata keçirəcəyi növbəti istiqamət Batumidir”.

Aviaşirkətin Bakı-Həştərxan istiqamətində (Nərimanov Aeroportu, IATA: ASF) minimal tarifi digər istiqamətlər kimi, bir tərəfə 29 avrodur. Uçuşlar həftədə iki dəfə – bazar ertəsi və cümə axşamı günlərində həyata keçiriləcək.

Biletləri aviaşirkətin rəsmi saytında (“Büdcə” və Standart” tarifləri üzrə), habelə satış ofislərində (“Super” tarifi üzrə) əldə etmək olar.
Aviaşirkət loukoster olaraq “Büdcə” minimal tarifində baqajın, əl yükünün, isti içkilərin daşınması, aeroportda qeydiyyat, habelə təyyarədə yer seçmək kimi əlavə xidmətləri pullu opsiyalar şəklində təklif edir.

Satış ofislərində satılan “Super” tarifinə 23 kiloqramadək baqajın, 10 kiloqramadək əl yükünün daşınması, habelə aeroportda pulsuz qeydiyyat daxildir.

Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır, uçuşa 2 saat qalmış bağlanır. Bu xidmət bütün tariflərdə pulsuzdur.

Həştərxan turistləri böyük balıq ovu vəd edən coğrafi mövqeyi ilə cəlb edir, eyni zamanda, burada Volqa çayı boyu kruizlər təklif edilir. Hisə verilmiş nərə balığına və qaxac ağ balığa biganə olan səyyahlar belə çoxsaylı memarlıq və mədəniyyət abidələrini görüb burada bir neçə gün ləngiməyə üstünlük verirlər.

Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkəti, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin struktur bölməsi olan “Buta Eyrveys” 2016-cı ilin dekabrında yaradılıb. Aviaşirkət ilk reysini 2017-ci il sentyabrın 1-də həyata keçirib. Aviaşirkətin hava gəmiləri donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. “Buta Eyrveys” Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.

Mənbə musavat.az


Digər xəbərlər


Dünya universitetlərinin reytinqi bəlli oldu

Ötən həftə, avqustun 16-da Şanxay Reytinq Konsultasiya şirkəti “Dünya Universitetlərinin 2019-cu il üçün Akademik Reytinqi”ni açıqlayıb. 2003-cü ildə...

Neftçilər metrosu ətrafındakı tıxac nə zaman bitəcək?

Vaqif Əsədov: “Sürücülər yol hərəkətində şəxsi mənafelərini üstün tutmamalıdırlar. Yol hərəkəti iştirakçıları öz məsuliyyətlərini dərk etmək istəmirl...

Metropoliten xəttə əlavə 4 qatar buraxacaq

Sentyabrın 16-da ölkədə yeni tədris ilinin başlaması ilə bağlı «Bakı Metropoliteni» QSC yeni iş qrafikinə keçir. Bu barədə Trend-ə açıql...

Quba və Şabranda yanğın hələ də davam edir (Foto + Video)

Şabran və Quba rayonları sərhədindəki kolluq ərazilərdə başlayan yanğın davam edir. Yanğının söndürülməsi üçün cəlb olunan Fövqaladə Hallar Nazirl...