12.05.2019

Heydər Əliyev Mərkəzində “Azərbaycana sevgi ilə” adlı konsert proqramı keçirilib

Mayın 11-də Heydər Əliyev Mərkəzində opera sənətinin tanınmış nümayəndələri Anna Netrebko, Yusif Eyvazov və Elçin Əzizovun iştirakı ilə “Azərbaycana sevgi ilə” konsert proqramı təqdim edilib.

Anşlaqla keçən konserti izləyənlər arasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub.

Müxtəlif operalardan ariyaların daxil olduğu konsert proqramında ifaçıları Fuad İbrahimov və Murtuza Bülbülün dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.

Musiqili gecədə G.Verdinin, F.Cileanın və G.Puççininin əsərləri ifa olunub.

Qeyd edək ki, Anna Netrebko (soprano) Rusiyanın XXI əsrdə ən görkəmli opera ifaçılarından biridir. O, yaratdığı obrazlar, cəsarətli və dramatik repertuarı ilə opera sənəti tarixində mühüm yer tutur. Anna Netrebko 2007-ci ildə ABŞ-ın məşhur «Time» jurnalının dünyanın ən nüfuzlu 100 şəxsinin siyahısına daxil olub. Rusiya Federasiyasının Xalq artisti və Dövlət mükafatı laureatı olan A.Netrebko müxtəlif ölkələrdə bir çox mükafatlarla, o cümlədən Rusiya ilə Azərbaycan arasında musiqi sənəti sahəsində əməkdaşlığın möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının «Dostluq» ordeni ilə təltif edilib. Diskoqrafiyasına operalar, konsert proqramları, bestsellerə çevrilmiş solo musiqi albomları və həyat yoldaşı Yusif Eyvazovla duetləri daxildir.

Yusif Eyvazov (tenor) Azərbaycanın Xalq artistidir. İfaçının repertuarına dramatik istedad və vokal bacarıqlarını göstərməyə imkan verən opera partiyaları daxildir. 2010-cu ildə Rusiya Dövlət Akademik Böyük Teatrında Kavaradossi («Toska», C.Puççini) obrazı ilə debütü onun beynəlxalq karyerasının başlanğıcı olub. Bundan sonra La Skala, Metropoliten-opera, Vyana, Paris operaları və digər nüfuzlu teatrlardan dəvət alıb. Onun adı «Dünyanın ən yaxşı tenorları» kitabına daxil edilib.

Azərbaycanın Xalq artisti Elçin Əzizov (bariton) «Bakılı oğlanlar» Şən və Hazırcavablar Klubunun üzvü olub. 2005-ci ildə Avstriyada «Motsareum» Universitetinin Yay akademiyasında təhsil alıb, daha sonra Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsilini davam etdirib. 2007-ci ildə Qalina Vişnevskayanın opera studiyasında çalışıb. 2008-ci ildən Rusiya Dövlət Akademik Böyük Teatrının solistidir. Dünyanın böyük opera və konsert salonlarında çıxış edir. 2017-ci ildə Anna Netrebko və Yusif Eyvazovla birlikdə opera ulduzlarının «Half Way Around The World» konsert turunda iştirak edib. Tur çərçivəsində 6 ölkənin 8 şəhərində konsertlər verib.

Mənbə azertag.az


Digər xəbərlər


Leyla Əliyeva “Mənim balaca şahzadəm” cizgi filminin təqdimatında iştirak edib (FOTO)

Mayın 23-də Nizami Kino Mərkəzində “Azanfilm” studiyasının istehsalı olan “Mənim balaca şahzadəm” cizgi filminin təqdimatı keçirilib. Tədbirdə Hey...

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə uşaqlar üçün əyləncə proqramı təşkil olunub - VİDEO

«Gənclik Mall» ticarət mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ...

Heydər Əliyev Mərkəzində dünya şöhrətli rəssam Zurab Seretelinin əsərləri nümayiş olunub

Mayın 22-də Heydər Əliyev Mərkəzində dünya şöhrətli rəssam Zurab Seretelinin “Mümkün ölçülər” (Possible Dimensions) adlı sərgisi açılıb Moskva Müa...

Əfsanəvi ingilis personajları mayın 29-dək Bakıda musiqili yürüş edəcəklər - FOTO

Mayın 29-da Bakı Olimpiya Stadionunda İngiltərənin «Çelsi» və «Arsenal»komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının oyu...