07.07.2019

Azərbaycanın Xan Sarayı və Şəkinin tarixi mərkəzi UNESKO-nun Dünya İrs Siyahısına salındı

İyulun 7-də Bakı Konqres Mərkəzində keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının növbəti iclasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyası UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Əvvəlcə Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) hesabatı dinlənilib. Bildirilib ki, Şəki şəhəri respublikanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 kilometr məsafədə, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, mərkəzi regionlardan uzaqda – təcrid olunmuş bir məkanda yerləşir.

Qeyd edilib ki, Şəkidə yerləşən Xan Sarayı dünya əhəmiyyətli tarix və memarlıq abidəsidir. XVIII əsrdə inşa edilən saray binası şəhərin şimal-şərq hissəsində, qala divarları ilə əhatə olunmuş ərazidə yerləşir. Otuz metr uzunluğu olan ikimərtəbəli bina 300 kvadratmetr sahəni əhatə edir. Saray altı otaq, dörd dəhliz və iki güzgülü eyvandan ibarətdir. Özündə həm də xalq yaşayış binalarının xüsusiyyətlərini daşıyan saray binası, Qafqazda XVIII saray memarlığının ən gözəl nümunələrindən biri olmaqla, həm də İslam Şərqinin memarlıq incilərindəndir. Şəhərin tarixi mərkəzi ilə birlikdə saray 120 hektar ərazini əhatə edir.

Hesabatda Şəki ilə bağlı faylın 2017-ci ildə Polşanın Krakov şəhərində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyasında ölkəmiz tərəfindən təqdim edilən “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyanın müzakirə olunduğu diqqətə çatdırılıb.

Müzakirələr zamanı Küveyt, Anqola, Çin, Bəhreyn, Braziliya, İndoneziya, Tanzaniya, Tunis, Qırğızıstan, Bosniya və Herseqovina, Uqanda, Norveç, Zimbabve, Burkina-Faso, İspaniya, Qvatemala, Avstraliya bu nominasiyanın Dünya İrs Siyahısına salınmasının vacibliyini vurğulayıb. Bildirilib ki, 41-ci sessiyadan sonra Azərbaycan hökuməti bu tarixi məkanla bağlı ciddi işlər görüb. Bu səbəbdən də üzv dövlətin nümayəndələri faylın qəbulunu məqsədəuyğun hesab edirlər.

Azərbaycanın nümayəndəsi çıxış edərək bildirib ki, nominasiya altı ildir yerli və beynəlxalq ekspertlər tərəfindən dəyərləndirilib və əraziyə dəvət olunub. ICOMOS-un tövsiyələrindən irəli gələn məsələlərlə bağlı ciddi işlər görülüb. Yeni idarəetmə strukturu formalaşdırılıb və bir sıra qərarlar qəbul olunub.

Müzakirələrdən sonra “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiya UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Sonda Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək qərara görə komitə üzvlərinə təşəkkürünü bildirib.

Mənbə azertag.az


Digər xəbərlər


Parisdə Nəsiminin anadan olmasının 650 illiyi təntənə ilə qeyd edilib VİDEO + FOTO

Parisdə UNESKO-nun baş qərargahında Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi təntənə ilə qeyd edilib. UNESK...

Dahi Fikrət Əmirovun yeni videosu paylaşıldı

Yutub sosial şəbəkəsindəki “Rəşid Behbudov” (Official) kanalında görkəmli bəstəkar Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” əsərinin premyerasının vi...

Leyla Əliyeva görkəmli şair Andrey Dementiyevin xatirəsinə həsr edilmiş filmin təqdimatında iştirak edib (Foto)

Oktyabrın 15-də Nizami Kino Mərkəzində Rusiyanın görkəmli şairi, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Andrey Dementiyevin xatirəsinə hə...

Dünyaca məşhur əsər oğurlandı - Film kimi oğurluq (video)

Eksponat molbertə bərkidilmiş olsa da, bilinməyən səbəblərə görə qıfılı olmayıb. Ümumilikdə oğurluq prosesi 2 dəqiqəyə yaxın çəkib San-Fransisko q...