25.07.2019

SAVAK-ın müavinindən ASALA-nın İran qolu barədə etiraflar

Şah dövründə İranın Kəşfiyyat və Milli Təhlükəsizlik Təşkilatı SAVAK-ın direktorunun müavini və Məhəmməd Rza Pəhləvinin etibar etdiyi siyasi fiqurlardan olan Hüseyn Fərdust öz xatirələr kitabında ermənilərin İranda fəaliyyət göstərən terror təşkilatı — ASALA və onun rəhbərləri ilə keçirdiyi görüşlərdən bəhs edib.

fotoda — Dariyuş Şayeqan

O, kitabda qeyd edir ki, SAVAK direktorunun müavini olduqdan sonra parlamentin erməni deputatı Sevak Saginiyan dəfələrlə yanına gələrək, ASALA-nın İran qolunun rəhbəri ilə görüşməyimi tələb etmişdi;

“Onun bu israrlı xahişləri göstərirdi ki, məndən öncəki müavin Həsən Ələvikiyaya da bu təklif edilmiş, o da öz növbəsində ASALA-nın rəhbəri ilə görüşmüşdü. Erməni terroristlərinin rəhbəri ilə görüşməyə tərəddüd etsəm də, yenə də bu təklifi qəbul elədim.

O, Saginiyanla birlikdə mənim SAVAK-dakı iş otağıma gəldi. Üzünə baxanda nümunəvi insana oxşayırdı. Təqribən 30 yaşlarında, yaraşıqlı, qalın saçı və qara gözləri olan bu cavan söhbət əsnasında çox aram, ədəbli və ağıllı danışırdı. O, yalnız “kimsə erməniləri incitsə, məhv olacaq” cümləsini acıqlı formada dilə gətirirdi. Bəlkə də bu xüsusiyyətlərinə görə, təsir göstərmək gücü olsun deyə, onu ASALA-ya rəhbər seçibmişlər.

Onun ASALA-nın İran qoluna hansı formada rəhbər seçilməsi barədə sual soruşdum. Bildirdi ki, ermənilərin gizli bir idarə heyəti var, hansı ki, gizli ordunun (ASALA) rəhbərini də onlar seçir və rəhbər də əksər hallarda ölənə qədər bu vəzifəni icra edir. Mənə elə gəlirdi ki, Saginiyan da həmin idarə heyətinin üzvüdür, baxmayaraq ki, həmin cavanın qarşısında məhz nökər kimi özünü aparırdı. Bu isə cavanın onlar üçün xüsusi əhəmiyyət kəsb etdiyini göstərirdi.

Bu görüşdən sonra onu bir daha görmək istədim. Çünki ilk görüşdə ondan çox şeyi öyrənə bilməmişdim. Görüşümə gəldi. Onda ASALA -nın dünyada fəaliyyət göstərən qollarının əməkdaşlıq forması barədə sual soruşdum. O isə bildirdi ki, dünyanın bir çox ölkəsində erməni azlığının sayı kifayət qədər az olduğundan, ermənilərin hər bir ölkədə bu formalı ordusu fəaliyyət göstərmir. Lakin cavan əlavə etdi ki, ASALA dünyanın hər yerində yaşayan erməniləri müdafiə edir və buna görə də, bir ölkədə yaşayan ordu üzvü digər bir ölkəyə gedib, orada “bizə qarşı olan şəxsi” qətlə yetirə bilər. Ümumiyyətlə, bütün qərarlar ordu başçılarının idarə heyətində qlobal səviyyədə qəbul edilir və addımlar da buna görə atılır.”

Hüseyn Fərdust həmçinin bildirir ki, ermənilərin gizli ordusu- ASALA-nın başçısı olan bu gənc görüşlər zamanı Türkiyəyə qarşı nifrətlərini gizlədə bilmirdi və bu ölkəyə qarşı ərazi iddiaları irəli sürürdü. Buna görə də, görünür ki, Türkiyə Cumhuriyyəti qeyd edilən erməni terror təşkilatının özünə “düşmən” hesab etdiyi əsas hədəflərindən biridir.

Hüseyn Fərdust kitabında cavanın kimliyini məxfi saxlasa da, hazırda qondarma ittihamlarla məhkumluq həyatı yaşayan, Londonda yerləşən “Tərdid Araşdırmalar Mərkəzi”nin rəhbəri Dr.Rza Haşimi Nəbi həmin cavanın kimliyi barədə araşdırmalar aparıb. Nəticədə məlum olub ki, həmin cavan iranlı şair və filosof kimi tanınan Dariyuş Şayeqandır.

«Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu»- ASALA Təşkilat 1975-ci ildə, Livanda vətəndaş müharibəsi getdiyi bir dövrdə Beyrut şəhərində, separat Fələstin dəstələrinin yardımı ilə yaradılıb və 1991-ci ilə qədər fəaliyyət göstərib. Təşkilatın qurucuları Akop Akopyan və Akop Tarakçıyandır. ASALA-nın əsas məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ bölgələrinin də daxil olduğu bir ərazidə «Böyük Ermənistan» dövləti qurmaq idi. ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirirdi. Təşkilatın «Əbu Nidal», «Qara sentyabr» kimi terror qrupları ilə əlaqələrinin yaradılmasında onun lideri Akop Akopyanın böyük rolu olmuşdur. Afinada 1980-ci ildə qətlə yetirilmiş türk səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürmüş A.Akopyan 01.08.80-ci ildə «Nyu-York Tayms» qəzetinə verdiyi müsahibədə bildirmişdi: «Bizim düşmənimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir».

ASALA-nın terror hücumları nəticəsində əksəriyyəti türkiyəli sivil əhali və diplomatlar olmaqla, 46-dan çox insanın öldüyü, 300-dən çox insanın isə yaralandığı bildirilir. 1980-cı illərdə Amerika Birləşmiş Ştatları bu təşkilatı terror təşkilatları siyahısına daxil etmişdi.

Hüseyn Fərdust kitabında SAVAK-ın ASALA ilə hansı formada əməkdaşlıq etdiyi və terror təşkilatına göstərdiyi yardımları qeyd etməyib.


Digər xəbərlər


İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymini qəbul edib. ...

Netanyahu İranla bağlı hərbiçilərə göstəriş verdi

İsrail Baş naziri Benyamin Netanyahu hərbçilərə İran təhdidinə qarşı fəaliyyət üçün bütün lazımı olan bütün tədbirlərin görülməsi üçün tapşırıq verib...

Azərbaycan qondarma Dağlıq Qarabağ rejiminin hesabatı ilə bağlı BMT-də məktub yayacaq

BMT-nin Nizamnaməsinə və təşkilatın müvafiq prosedur qaydalarına əsasən təşkilatın hər bir üzvü beynəlxalq ictimaiyyət üçün maraq kəsb etdiyini düşün...

Ərdoğan Kipr türklərinə bu cür sahib çıxdı

“Şərqi Aralıq dənizindəki karbohidrogen yataqlarındakı araşdırma fəaliyyətlərimizi davam etdirməkdə qərarlıyıq və bu qərarımızdan geri çəkilmək niyyə...