16.08.2019

Trans yağların sağlamlığa nə kimi zərərləri var?

Son zamanlar aparılan müxtəlif elmi araşdırmalar nəticəsində doymuş yağ turşuları ilə yanaşı, trans yağ turşularının da sağlamlığa mənfi təsiri öz təsdiqini tapıb.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verib.

Bildirilib ki, AQTA və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən, dünyada aparılan elmi araşdırmalara istinad edilərək, trans yağların insan orqanizmi üçün təsirlərinin elmi əsaslarla risk qiymətləndirməsi aparılıb və həmin araşdırmalar nəticəsində bu yağların insan sağlamlığına mənfi təsiri öz təsdiqini tapıb: “Ümumiyyətlə, doymuş yağ turşularından əmələ gələn yağların çoxu otaq temperaturunda qatı (sərt), tərkibində doymamış yağ turşuları olan yağlar isə maye halında olur. Qidalarda çox rast gəlinən bəzi doymuş yağ turşuları palmitin, stearin və miristin turşularıdır. Doymuş yağ turşularının enerji dəyərinin digər yağ turşuları ilə eyni olmasına baxmayaraq, orqanizmdə yağ toplanması və çəki artımına səbəb olduğu məlumdur. Eyni zamanda, trans yağ turşuları ilə qidalanma insulinə qarşı rezistentliyin əmələ gəlməsinə şərait yaradaraq, diabetə meyilliliyi artırır və xroniki iltihabi proseslərin inkişafına səbəb olur. Bitki və balıq yağlarının dadını qorumaq, fiziki xüsusiyyətlərini dəyişmək, rəf ömrünü uzatmaq və istifadə imkanlarını artırmaq məqsədilə doymamış yağ turşularının qismən hidrogenləşdirilməsi aparılır və bu zaman trans yağ turşuları yaranır. Gündəlik qida məhsullarında müəyyən olunmuş normadan artıq trans yağların qəbulu ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur”.

“Həmçinin, trans yağ turşularının xərçəng, piylənmə, alzeimer, dölün inkişafdan qalması, körpələrdə mərkəzi sinir sisteminin inkişafına mənfi təsir etməsi, diabetə meyilliliyi artırdığı da müxtəlif araşdırmalarda müəyyən edilib. Bundan əlavə, araşdırmalar göstərir ki, trans yağları yaddaş pozuntusu və süd vəzisi xəstəliklərini inkişaf etdirir, hər iki cinsdə sonsuzluq yaradır, immun sisteminə mənfi təsir göstərir.

Hazırda əksər inkişaf etmiş ölkələrdə trans yağlarının qida məhsullarındakı miqdarı ciddi şəkildə tənzimlənməkdədir. Avropa Birliyi və bir sıra digər ölkələrdə qida məhsullarının tərkibində olan trans yağları üçün ən yüksək hədd 2% miqdarında təyin edilib və qablaşdırma üzərində miqdarının qeyd olunması zərurəti tələb kimi qoyulub. Bununla əlaqədar olaraq, insan istehlakı üçün nəzərdə tutulan yağların təhlükəsizlik göstəriciləri ilə bağlı AQTA tərəfindən nəzarət tədbirlərinin gücləndirilməsi və daha sərt tənzimləmə işlərinin həyata keçirilməsi nəzərdə tutulub. Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində qida zəncirinin bütün mərhələlərində nəzarət və tənzimləmə fəaliyyətini həyata keçirir”, — deyə agentlikdən bildirilib.

Mənbə report.az


Digər xəbərlər


Halsızsınızsa diqqətli olun! yeni adı bəlli olmayan xəstəlik yayılıb

«Biz valideynlərə tövsiyə edirik ki, isti havalarda soyuducuda saxlanılan yeməkləri də uşaqlara verməsinlər», — pediatr Vaqif Qarayev...

"Azərsu" ASC-nin su borularını oğurlayıblar

«Azərsu» ASC-nin su boruları oğurlanıb. Hadisə Qaradağ rayonunda baş verib. ASC-dən Qaradağ Rayon Polis İdarəsinə daxil olan mür...

Cəbrayıllı həkimlər məcburi köçkünləri pulsuz müayinə edir

Bu gün Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 26 il ötür.  İşğal günü ilə əlaqədar Cəbrayıldan ol...

Misir ev heyvanları üçün otel açıb

Misirin tanınmış Hurqada kurort şəhərində ev heyvanları üçün ilk otel açılıb. Yerli KİV-ə istinadla xəbər verilir ki, yeni otel turistlərin özləri...