29.11.2019

“Black Friday” haqqında bilmədiyiniz və maraqlı FAKTLAR

Bu gün dünyada əsasən də ABŞ və Avropa ölkələrində “Black Friday”- yəni “qara cümə” günü keçirilir. Bir çox iri şirkətlərdə, ticarət mərkəziləri və mağazalarda yüksək endirim kampaniyaları təqdim olunur.Alış-veriş çılğınlığının yaşandığı “qara cümə” nədir və necə yaranıb?
Musavat.com sizə “qara cümə” haqqında maraqlı faktları təqdim edir.

“Qara Cümə”nin tarixi

“Qara Cümə” ABŞ-da noyabr ayının dördüncü Cümə axşamı günü qeyd olunan Şükranlıq günündən sonrakı cüməyə verilən qeyri-rəsmi addır. 1952-ci ildən bəri Şükranlıqdan sonrakı gün Amerikanın Milad alış-veriş mövsümünün başlanğıcı kimi qəbul edilib. Lakin bu günə «Black Friday” adı ilk dəfə 1961-ci ildə qəzetlər tərəfindən qoyulub. Bunun səbəbini isə həmin gün Filadelfiyada alış-veriş üçün nəqliyyatda yaranan «tıxac”lar və digər çətinliklər göstərilmişdi.

Buna baxmayaraq, «Qara Cümə» son onilliklərə qədər elə də geniş yayılmamışdı. «Qara Cümə» günü bir çox mağazada yüksək səviyyədə təşkil olunan endirimlər təqdim edilir və mağazaların açılması çox erkən saatlara, bəzən də gecə yarısına təsadüf edir. Hətta bəzi hallarda mağazalar endirimləri Şükranlıq günü axşam saatlarında başladırlar. Həmin gün məşhur şirkətlər öz məhsullarını 80% güzəştlə satırlar. Həmçinin onlayn alış-veriş şirkəti olan «Amazon»da da həmin gün endirimlər tətbiq olunur.

Bu səbəbdən hətta bəzi alıcılar 1 gün əvvəldən mağazaların önündə çadırlar qururlar. Insanlar mallar üzərində sözün əsl mənasında ölüm-dirim mübarizəsi aparır. Onu da qeyd edək ki, 2006-cı ildən bu yana təkcə ABŞ-da bu alış-veriş zamanı sıxlıqda 10 nəfər ölüb, 111 nəfər yaralanıb.

«Qara Cümə» əsasən 1970-1990-cı illərdə ticarət mərkəzləri böyüdükdə populyarlaşıb və Amerika mədəniyyətinin vacib bir hissəsinə çevrilib.  2005-ci ildən etibarən «Qara Cümə» ABŞ-da İlin ən işlək alış-veriş günü adını alıb.

“Black” sözü İngiliscədə eyni zamanda mühasibatlıq dilində də tez-tez istifadə edilən bir sözdür. Belə ki, «Black» balansda qazanc ilə zərərin başabaş gəldiyi nöqtə üçün də istifadə edilən bir təbirdir. Bu səbəbdən də «Black Friday» şirkətlərin zərərdən başabaş nöqtəsinə gəlməsini təmin edən gün olaraq da adlandırılır.

İlk endirim necə yaranıb?

Endirimli ticarət ənənəsi Amerikada XIX əsrdə yaranıb. Bunun banisi də 1852-ci ildə anadan olmuş Frenk Vulvort sayılır. Məhz endirim fikrini ilk dəfə o, irəli sürüb. Pensilvaniyada dükanda satıcı köməkçisi işləyən gənc bir oğlan qiymətləri aşağı sala bilmədiyi üçün əsəb keçirirdi.

Frenk Vulvort

O dövrdə malların üzərində qiymət olmurdu və satıcılar hər müştəriyə bir qiymət deyirdilər. Bir dəfə satıcı səfərdə olan köməkçisi Frenk bir fikrə gəlir. O, bütün mövsüm mallarını piştaxtaya düzür və yanına «Bütün mallar 5 sent» yazısını qoyur. Bu, ilk endirim idi.

Uğur qazandıqdan sonra Frenk XX əsrin əvvəlində ilk pərakəndə satış şəbəkəsini qurub.

“Qara Cümə”nin rəqibi — “Singles Day”

“Qara Cümə” noyabrdakı yeganə alış-veriş festivalı deyil. Azərbaycanda hələ məşhur olmasa da, bir çox ölkələrdə 11 Noyabrda Bekarlar Günü qeyd olunur. Əsasən subay olanları təmsil edən “Singles Day” adı Çinə məxsusdur. Bu gün, xüsusən Asiyada böyük endirimlər olur.

“Qara cümə” günü endrimləri ilə maraqlanan kişi və qadınların statistikası da hər zaman fərqli olur. Orta statistikaya görə, bu endirimdən 72 faiz qadınlar, 60 faiz isə kişilər yararlanır. Lakin pul xərcləmədə kişilər qadınlardan daha üstün olur. Belə ki, orta hesabla “qara cümə” günü bir qadın 1460 avro, bir kişi isə 2216 avro xərcləyə bilir. Bunlar hamısı təxmini hesablamalardır.

“Qara Cümə” müsəlman ölkələrində

Son illər «Qara Cümə» çılğınlığı Türkiyə, Pakistan, İndoneziya, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Səudiyyə Ərəbistanı Misir o cümlədən Azərbaycan kimi müsəlman ölkələrində də yayılıb. Lakin müsəlman ölkələrində bu cür bir qlobal alış-veriş kampaniyasının yayılmasını birmənalı qarşılamayan insanlar da var. Din xadimləri bu alış-veriş kampaniyasının müsəlmanların müqəddəs günü sayılan məhz cümə günündə baş tutmasının heç də təsadüfü olmadığını qeyd edir.

İslam üçün vacib günlərdən olan cümə günündə endirimlər edərək böyük gəlirlər əldə etməyə çalışanlar müsəlman din xadimləri tərəfindən tənqid edilir. Onu da bildirək ki, adını sadaladığımız müsəlman ölkələrində “qara cümə” kampaniyası baş tutsa da, çox zaman boykot da edilir. Çünki bir çox müsəlmanlar müqəddəs cümə günlərinə “qara cümə” deyilməsini  təhqir sayır.

Qeyd edək ki, cümə günü, müsəlmanların həftəlik bayram günü sayılır.  Bu münasibətlə müsəlmanlar cümə günü, ibadətlərinə daha çox diqqət yetirir. (musavat.com)

Mənbə moderator.az


Digər xəbərlər


Windows 10 ilə artıq telefon zənglərini komputer üzərindən cavablamaq mümkündür

Microsoft şirkəti Your Phone (Telefonunuz) tətbiqi ilə Windows 10 üzərindən Android cihazları idarə etməyi mümkün ...

Bu mallar da idxal gömrük rüsumundan azad edildi

Azərbaycana sənaye yığımı məqsədilə velosipedlər üçün ölkəyə gətirilən mallar və ehtiyat hissələri 15 faiz idxal gömrük rüsumundan azad edilib. N...

Funt-seterlinq yenə də bahalaşdı

Böyük Britaniyada Cümə axşamı günü keçirilmiş seçkinin ardından Funt-seterlinqin dollar qarşısında 2,5 ilin ən güclü yüksəlişi baş verib. Xəbər ve...

Google Chrome oğurlanmış şifrələr ilə bağlı istifadəçiləri məlumatlandıracaq

 Google şirkəti Chrome brauzerinin yeni versiyasını təqdim edib və həmin versiya məlumat sızıntıları səbəbilə istifadəçinin şifrə...