Bakı 20 ℃

USD 1.7
RUB 0.0279
EUR 1.754
TRY 0.0947
Qızıl 3044.734
Gümüş 34.6579

17.12.2019

Azərbaycanda “Məhəmməd Əmin Rəsulzadənin ev-muzeyi” yaradılır

«Məhəmməd Əmin Rəsulzadənin ev-muzeyi yaradılır».

Bu barədə Əməkdar jurnalist Qulu Məhərrəmli məlumat verib.

Q.Məhərrəmli qeyd edib ki, Rəsulzadəni Vətənə qaytarmaq vaxtıdır:

“Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ili başa çatmaqdadır. “100 illik”lə bağlı ümidlər və təntənələrdən sonrakı müddət ərzində bu ümidlərin nə dərəcədə doğrulduğu, təntənələrin isə nə qədər “təntənəli” olduğu haqda düşünməyə kifayət qədər vaxtımız vardı. “Nələr” etdiyimizlə yanaşı, nələri “edə bilmədik” üzərində düşünəndə alınan mənzərə elə də ürəkaçan deyildir…

Gəncə, tarixən olduğu kimi, yenə də fərqləndi, “Cümhuriyyət muzeyi” açdı. Azərbaycanın İstiqlalını elan edərək, müvəqqəti paytaxt Gəncəyə gələn Milli Şura üzvlərini tarixi binada yenə də “bir yerə topladı”. Cümhuriyyət və gəncəli cümhuriyyətçilərin adı ilə bağlı binalara xatirə lövhələri, barelyeflər vuraraq, bu Möhtəşəm Hadisəni yaratmış və yaşatmış Böyük Kişilərə, imkanları daxilində, öz borcunu verdi. “100 illik” qarşısında Paytaxt Bakı nə ilə fərqləndi?…

Cümhuriyyət və cümhuriyyətçilər adına gözlənilən abidələr, muzeylər və … niyə yaranmadı?

27 il, Rəsulzadənin təbirincə, müstəqilliyin ləzzətini daddığımız halda Sovet dönəmindəki kimi hər işi dövlətdən gözləmək vərdişimizdən niyə əl çəkmədik? Bir Cəmiyyət olaraq bu gözləntilərimizin doğrulması üçün özümüz nə etdik ?

Sovet Azərbaycanında “Partiya və xalq birdir!” şüarı altında siyasi xadimlərə, xalqın sevdiyi, qiymət verdiyi ədiblərə, şairlərə, sənət adamlarına – Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı, Səməd Vurğun, Abdulla Şaiq, Məmməd Səid Ordubadı, Hüseyn Cavid, Bülbül, Səttar Bəhlulzadə, Əzim Əzimzadəyə qoyulan heykəllər bu gün də durur, adlarına açılan ev muzeyləri bu gün də işləyir. Bununla da Azərbaycan xalqı özünün dövlətçilik və tarixi-mədəni ənənələrinə varisliyini nümayiş etdirir.

Elə isə Azərbaycan Cümhuriyyətinin qurucusu və ilk dövlət başçısı, İstiqlal məfkurəsinin və “Azərbaycançılıq” ideologiyasının yaradıcısı, görkəmli ictimai, siyasi və dövlət xadimi, ədib, publisist, jurnalist Məhəmməd Əmin Rəsulzadənin indiyədək ev muzeyinin belə olmadığını necə izah edək? Bir Cəmiyyət olaraq qurduğu dövlətə, yaratdığı ideologiyaya, qaldırdığı bayrağa yiyələndiyimiz halda bu tarixi Şəxsiyyətin “evinin” yalnız “qəlblərdə” olduğu iləmi kifayətlənək ? Borcu qaytarmaq vaxtıdır! Rəsulzadəni Vətənə qaytarmaq vaxtıdır!

Biz, Təşəbbüs qrupu olaraq, “Borcumuzu qaytaraq!” çağırışı ilə Cəmiyyətimizə müraciət edir və aşağıdakıları diqqətə çatdırırıq:

Məhəmməd Əmin Rəsulzadə doğulduğu və uşaqlıq illərini keçirdiyi Novxanı kəndindən yeniyetmə vaxtı çıxıb, Vətəndəki bütün sonrakı həyatını – həbsinə və mühacirətinə qədər – Bakıda yaşayıb. Jurnalist, siyasi xadim, dövlət adamı kimi “Azərbaycan” qəzeti redaksiyasına, “Müsavat” partiyasının qərargahına, Azərbaycan Parlamentinə indiki “Nizami küçəsi 59” ünvanlı mənzilindən gedib-gəlib. 1920-ci ilin məşum payızında Bakını həmişəlik tərk edərkən də ailəsi ilə sonuncu dəfə həmin ünvanda vidalaşıb.

Bu ünvandakı bina-mənzildə “Məhəmməd Əmin Rəsulzadənin ev muzeyi”ni yaratmaqla, biz yalnız Məhəmməd Əmin bəyin deyil, Azərbaycan dövlətçiliyi yolunda qurban verdiyi doğmalarının – xanımının və dörd övladının faciəli taleyi qarşısında da borcumuzu qismən ödəmiş olacağıq. Sürgünə göndərilmiş və Vətəndən çox-çox uzaqlarda sonsuz əzab və məşəqqətlər içində dünyalarını dəyişmiş Ümbülbanu xanımın, Lətifənin, Xalidənin, Azərin, 24 yaşında güllələnmiş Rəsulun xatirəsi də Məhəmməd Əmin bəylə birlikdə öz evlərinə qaytarılmalıdır.

Bu işə qədirbilən Xalq, minnətdar Millət, şüurlu Vətəndaş Cəmiyyəti olduğumuzu sübut etməklə biz başlamalıyıq və biz də onu başa çatdırmalıyıq. Bu işin mənəvi və maddi məsuliyyəti da bizim öhdəmizdə olmalıdır!

Bu günlərdə ictimaiyyətə göndərilmiş “Böyüklərə hörmət” ismarışı, milli əhəmiyyət daşıyan təşəbbüslərə daim həssas münasibət müqabilində Dövlət tərəfindən bu məsələdə Cəmiyyətə hər hansı dəstək göstərilərsə, “Məhəmməd Əmin Rəsulzadənin ev muzeyi” layihəsi Dövlətlə Xalqın, Hakimiyyətlə Cəmiyyətin birliyinin ən bariz nümunəsi ola bilər”.

Qeyd edək ki, təşəbbüs qrupunun üzvləri Azərbaycanın Əməkdar rəssamı, M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə, tarix üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi Solmaz Rüstəmova-Tohidi, filologiya üzrə elmlər doktoru, professor, Əməkdar jurnalist Qulu Məhərrəmli, yazıçı-publisist, Rəsulzadələr ailəsinin tədqiqatçısı Nəcibə Bağırzadə, hüquqşünas, Milli Hüquq Evinin rəhbəri Nicat Gözəlovdur.

Q.Məhərrəmlinin sözlərinə görə, cəmiyyətə ünvanlanmış bu mətn çoxdan hazır olsa da, bu gün açıqlamaq qərarına gəliblər:


“Lakin onu bir qədər “yubadaraq” — 17 dekabr tarixində — Ustadımız Şirməmməd Hüseynovun təvəllüdünün 95, onsuz isə 1-ci ildönümündə təqdim etməyə qərar verdik. Azərbaycan cəmiyyətində Rəsulzadə ruhunun Şirməmməd müəllim qədər sədaqətli və səmimi daşıyıcısını tapmaq çox çətin idi və mənim heç şübhəm yoxdur ki, Ustad bu gün yanımızda olsaydı, Təşəbbüs qrupunun başında onun adı duracaqdı. Buna onun hamıdan artıq haqqı vardı, çünki, Rəsulzadəni – zəngin yazılı irsinin külliyyatı ilə — Cəmiyyətə ilk olaraq Şirməmməd müəllim qaytarmışdı. Bu gün biz Rəsulzadəni “Vətənə qaytarmaq” işini davam etdirməyi və bu Böyük Şəxsiyyət qarşısında borcumuzu ödəməyi özümüzə şərəf bilirik. Müəllimimizin də ruhu şad olsun». (modern.az)

Mənbə moderator.az


Digər xəbərlər


Muğam Televiziya Müsabiqəsinin finalı və qala-konserti Şuşada keçiriləcək

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keç...

Azərbaycan və İsrail birgə film çəkir

Azərbaycanda Oğuz rayonunun dağ yəhudiləri ilə bağlı “Oğuz yəhudiləri” adlı yeni sənədli filmin çəkilişlərinə başlanılıb. Azər...

II Milli Yaylaq Festivalı keçiriləcək

İyulun 29-31-də Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda ...

“Avroviziya-2023” Britaniyada keçiriləcək - RƏSMİ

Avroviziya mahnı müsabiqəsinin 2023-cü ildə Böyük Britaniyada keçirilməsi rəsmiləşib. Gulustan.info xəbər verir ki, bu barədə ...

Şuşada keçirilən Vaqif Poeziya Günləri başa çatıb

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət pay...

Makron Azərbaycanın əməkdar artistini “Fəxri Legion” ordeni ilə təltif edib

Fransa Prezidenti Emmanuel Makronun 13 iyul 2022-ci il tarixli Fərmanı ilə Azərbaycan əsilli tanınmış müsiqiçi Adilə Əliyeva ölkə...

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərənc...

Şuşada Vaqif Poeziya Günləri başlayıb

İyulun 14-də Şuşada Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilat...