02.12.2019

İranın vəhşi cəllad rejimi 500-dən çox can aldı

Son iki həftədə İranda benzinin qiymətinin artmasından sonra başlanan və qısa bir zamanda molla rejiminə qarşı çevrilən dinc etirazlarda hökumət qüvvələrinin törətdiyi qətliamların detalları barədə yeni məlumatlar yayılır.

10 ilə yaxındır ev dustaqlığında saxlanılan İrandakı “Yaşıl hərəkat”ın lideri Mirhüseyn Musəviyə yaxın “Kalameh” saytına bağlı mənbələrin yaydığı məlumata əsasən, dinc etirazlarda qətlə yetirilən və cənazələri son günlər ailələrinə təhvil verilən 156 etirazçının cənazəsi təkcə Tehranın “Behişti-Zəhra” qəbiristanlığında dəfn edilib: “Həmçinin ən azı 80 etirazçının cənazələri də dəfn olunmaq üçün Tehrandan digər şəhərlərə göndərilib. İnternet xidmətinin qismən bərpa olunmasının ardınca yayılan yeni məlumatlara əsasən, son iki həftədə Tehran əyalətinin müxtəlif şəhərlərində yüzlərlə etirazçı rejim qüvvələrinin odlu silahlardan açdığı atəş nəticəsində qətlə yetirilib.

Belə ki, Şəhriyar şəhərində 5 nəfər, Kohnəz bölgəsində 20 nəfər, Firdosiyə, Əmiriyyə və Vəhidiyyə bölgələrində 13 nəfər, Melardda 8 nəfər, Həsənxan Qalasında (Qüds şəhəri) 10 nəfər, Yusifabadda 6 nəfər, Savə yolunda 12 nəfər, İslamşəhrdə 10 nəfər, Ləmabad, İsfəndabad və Bəkə kəndlərində 14 nəfər, Əkbərabad və Vəcihəabadda 20 nəfər, Rudihendə isə 16 nəfər qətlə yetirilib. Həmçinin 40 etirazçının cənazəsinin də son günlər Nəsimşəhrin İmam Hüseyn xəstəxanasından morqlara köçürüldüyü bildirilir.

Məlumatda qeyd olunur ki, əksəriyyəti başından güllə yarası alan həmin şəxslər ölkənin ən yoxsul və kasıb təbəqəsindən olan etirazçılardır. “Kalameh” saytına yaxın mənbələr son iki həftənin etirazlarında qətlə yetirilənlərin sayının 366 nəfərə çatdığını bildirsələr də, hüquq-müdafiə təşkilatları etirazlarda molla rejimi tərəfindən öldürülənlərin sayının 500-ü aşdığını bildirirlər. Yayılan bəzi məlumatlarda isə dinc etirazlarda güllə yarası alaraq həyatını itirən etirazçıların 600-ə çatdığı vurğulanır.

Bu arada, İran parlamentinin sədri Əli Laricani dekabrın 1-də jurnalistlərə açıqlamasında bəzi şəhərlərdə hökumət qüvvələrinin etirazçılara qarşı pulemyotdan (tirbar-dan) istifadə etdiyini təsdiqləyib.

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 137 şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misili görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 251 nəfərdən çox insan qətlə yetirilib, 3700 aksiyaçı yaralanıb, Tehranda və digər şəhərlərdə 7 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu, ən azı 3 axund həlak olub, cəhalət, xurafat və fəsad mərkəzi sayılan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb. Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, ölkədə yaşanan inqilabi vəziyyət və iri şəhərlərdə elan olunmamış fövqəladə vəziyyət rejimi davam edir.

Mənbə gunaz.tv


Digər xəbərlər


İri ticarət mərkəzləri və “Mall”ar açılır

İyunun 1-dən etibarən ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti bərpa olunacaq. Bu barədə Nazirlər Kabineti yanında Operati...

Karantin rejimində tənəffüs yollarını qorumaq üçün bəzi tələblər müəyyənləşib

Nazirlər Kabineti “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” qərar qəbul edib. Gulustan.i...

Baş katib: "Dünya Turizm Təşkilatı Azərbaycana dəstək verməyə hazırdır"

Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Respublika Günü münasibət...

Azərbaycanda dövlət sərhədinin bağlanması 15 iyuna qədər uzadılıb

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahı məlumat yayıb. Qərargahdan Gulustan.info-ya  verilən xəbərə görə, korona...