20.12.2019

“Molla Nəsrəddin” jurnalının karikaturaçı-rəssamının rəqəmsal arxivi yaradılır

“Molla Nəsrəddin” satirik jurnalının əksər karikaturalarının müəllifi, alman rəssam Oskar Şmerlinqin (1863-1938) rəqəmsal arxivi hazırlanır.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, layihə üzrə araşdırmaçılar ABŞ-dan olan Naomi Kaffi (Naomi Caffee) və Robert Denisdir.

Araşdırmaçılar layihənin Tbilisidə keçirilən təqdimatında bildiriblər ki, O.Şmerlinqin rəqəmsal arxivinin yaradılmasına ABŞ-ın araşdırma mərkəzlərinin dəstəyi ilə 2018-ci ildə başlanılıb. Arxiv üçün O.Şmerlinqin karikaturaları və onun haqqında sənədlər Gürcüstanın Milli Parlament Kitabxanası və Milli Arxivindən toplanıb.

N.Kaffi deyib ki, O.Şmerlinqin 1900-cı illərin əvvəllərində əməkdaşlıq etdiyi “Molla Nəsrəddin”, gürcüdilli “Eşmaxis Matraxi” (Şeytanın qamçısı), erməni dilli “Xatabala” jurnalları üçün çəkdiyi karikaturalarda oxşar mövzulara rast gəlinir: “Bu mövzulara o dövr üçün aktual olan ana dilində təhsil, din, inqilablar, siyasi oyanış daxildir. Karikaturaçının illüstrasiyaları ilə həmin dövrdə baş vermiş proseslər arasında paralellər aparmaq və onları müqayisə etmək olur”.

Araşdırmalar zamanı karikaturaçı-rəssamın həyatı və çalışdığı “Molla Nəsrəddin” jurnalı ilə bağlı maraqlı sənədlər də üzə çıxıb. Bu sənədlər arasında “Molla Nəsrəddin” jurnalının Tbilisidə nəşr olunması ilə bağlı onun müəllifi, Azərbaycanın böyük ədibi, publisist və ictimai xadimi Cəlil Məmmədquluzadənin Tiflis qubernatoruna 1906-cı ilin fevralında ünvanladığı ərizə, onunla və O.Şmerlinq arasında yazışmalar da yer alıb. Alman rəssamın həmçinin 1920-1921-ci illərdə Azərbaycanda — Gəncə və Xankəndində yaşayıb fəaliyyət göstərdiyi də məlum olub. Rəssamın tapılan bioqrafik sənədlərində onun Tbilisidə deyil, Stavropolda anadan olması qeyd edilib.

R.Denis vurğulayıb ki, rəqəmsal arxiv üzərində işlər davam etdirilir və artıq www.schmerling.org saytı istifadəyə verilib: “Oskar Şmerlinqin bütün rəsmləri, illüstrasiya, karikaturaları, həyat və yaradıcılığı ilə bağlı bütün sənədləri toplayaraq onları rəqəmsal arxivə daxil etməyə çalışırıq. Sayt hələlik yalnız ingilis dilindədir. Onlayn resursun gələcəkdə rus, gürcü, Azərbaycan, erməni dillərinə də tərcümə olunması nəzərdə tutulub”.

Qeyd edək ki, O.Şmerlinq 1906-1917-ci illərdə “Molla Nəsrəddin” jurnalının əsas rəssamı olub. Nəşrin baş qəhrəmanı Molla Nəsrəddinin bədii obrazı da ona məxsusdur.

Mənbə report.az


Digər xəbərlər


İTV "Eurovision-2020" üçün mahnı qəbulunu elan edib

«Eurovision» mahnı müsabiqəsində Azərbaycanın iştirakı ilə bağlı milli seçim turunda mahnı qəbuluna başlanılıb. İctimai Televiziya və Ra...

Prezident Xalq artistini ordenlə təltif etdi

Prezident İlham Əliyev Cənnət Səlimovanın təltif edilməsi haqqında sərəncam imzalayıb. Gülüstan.info xəbər verir ki, sərəncama əsasən&nb...

XXI əsr kişilərinin geyimi nümayiş olundu - Fotolar

İspaniyalı dəb dizayneri Palomo New-York moda həftəsinə yeni geyim kolleksiyası ilə qatılıb. Dizaynerin geyimlərin nümayişi üçün seçdiyi modellər...

Heydər Əliyev Sarayında “Əfsanəvi rok hitlər”i təqdim olunacaq

Fevralın 15-də Heydər Əliyev Sarayında Sankt-Peterburqdan olan məşhur dirijor, musiqiçi və bəstəkar İqor Ponomarenkonun iştirakı ilə “Əfsanəvi rok hi...