12.12.2019

Türkiyə mediası hamıya yalan danışıb? Tağıyevin adına çıxılan ev əslində kimə aiddir?

Azərbaycan Milli Tarix Muzeyinin elmi katibi Fərhad Cabbarov və Tağıyevin kötükcəsi Alban Klod Türkiyədə olduğu iddia edilən malikanə haqqında məlumatları şərh ediblər

Məşhur azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev heç vaxt Türkiyədə daşınmaz əmlaka sahib olmayıb, onun yalnız Azərbaycanda və Moskvada əmlakı olub. Bu barədə tarixçi Fərhad Cabbarov, həmçinin Tağıyevin kötükcəsi Alban Klod məlumat veriblər.

Xatırladaq ki, bu yaxınlarda Türkiyə mediası İstanbulda xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin villasının satışa çıxarıldığı barədə məlumat yayıb. Tarixi abidə 17 milyon türk lirəsi (5 milyon manat) dəyərindədir və onun sahəsi isə 2400 kvadrat metrdir.

Azərbaycan Milli Tarix Muzeyinin elmi katibi, alim Fərhad Cabbarov bu xəbərə çox təəccüblənib və buna görə də məlumatın nə qədər etibarlı olduğunu öyrənməyə qərar verib.

Azərbaycan Milli Tarix Muzeyinin elmi katibi, alim Fərhad Cabbarov

“Tarixi sənədlərdə göstərilən məlumatlara əsasən bilirəm ki, Tağıyevin xaricdə heç bir daşınmaz əmlakı olmayıb. Bu sənədlərdə onun yalnız Moskvada evlərinin olduğu bildirilir, ancaq o zaman biz Rusiya ilə vahid bir ölkə sayılırdıq, buna görə də bunu xaric adlandıra bilmərik. Təəssüf ki, sənədlərdə yalnız mənzillərin qiyməti göstərilir, lakin onların dəqiq ünvanları, neçə mərtəbəli olduğu, sahəsi gizli saxlanılıb. Moskvada onun evləri hələ də qalır və bildiyim qədəri ilə onlar yaşayış üçün istifadə olunur”, — Cabbarov deyib.

Fransada yaşayan və milyonçunun ikinci oğlu Sadıq Tağıyevin birinci evlilikdən olan nəticəsi Alban Klod alimin sözlərini təsdiqləyib. Onun sözlərinə görə, Tağıyevin Türkiyədə mövcud olduğu iddia edilən malikanə haqqında məlumatı əldə etdikdən sonra yaxınlarını sorğu-sual etmək qərarına gəlib. Məlum olub ki, əslində bu villa xeyriyyəçinin nəvələrindən birinin — Leyla Tağıyeva və Əli Əsədullayevin qızı olan Gülnarə Tağıyevanın ərinin ailəsinə məxsusdur.

“Onlar Azərbaycandan Türkiyəyə emiqrasiya ediblər və buna görə də orada qalıblar. Mən yalnız Tağıyevin Azərbaycanda yerləşən tarixi binaları haqqında məlumatlıyam və hazırda onlardan əksəriyyətinin bərpaya ehtiyacı var. Onları bərpa edib muzeylərə və ya sakinlərə fayda verəcək evlərə çevirmək olar”, — Klod deyib.

Hazırda Alban Klod öz ailəsi, Tağıyevin və bütövlükdə Azərbaycanın tarixi haqqında kitab üzərində işləyir, eləcə də Qacarlar sülaləsinin tarixini öyrənir. Klod işi üçün material toplamaq məqsədilə tezliklə Bakıya qayıdacağına söz verib.

Hacı Zeynalabdin Tağıyevin ikinci oğlu Sadıq Tağıyevin birinci evlilikdən olan nəticəsi Alban Klod

Xatırladaq ki, Alban Klod 2016-cı ildə təsadüfən Tağıyevin nəslindən olduğunu öyrənib. 2019-cu ilin noyabrında isə ilk dəfə olaraq Bakıya gəlib.

Hacı Zeynalabdin Tağıyev 1823-cü il yanvarın 25-də Bakıda başmaqçı ailəsində anadan olub. Uşaq yaşlarında usta köməkçisi və bənna işləmiş Tağıyev 20 yaşında tikinti işləri ilə məşğul olmağa başlayır. Qısa müddətdən sonra o, sahibkarlığa, eləcə də ticarət və sənaye sahələrində fəaliyyətə başlayır.

Tağıyev qazancının böyük bir hissəsini xeyriyyəçiliyə, doğma şəhərinin inkişafına və abadlaşdırılmasına yönəltdiyinə görə hörmət və şöhrət qazanıb. O, ölkədə təhsilin və incəsənətin inkişafına kömək edib. Xeyriyyəçi Bakıda müsəlman Şərqində ilk dəfə olaraq qızlar üçün məktəb açıb, teatr, birja, dəmir yolu inşa etdirib, eləcə də yanğınsöndürmə xidmətini açıb və su borusu çəkdirib. Tağıyev həmçinin istedadlı gənclərin xaricdə təhsil almasını maliyyələşdirib və sənətkarların işinə dəstək göstərib.

Hacı Zeynalabdin Tağıyev 1924-cü ildə 101 yaşında Abşeronun Mərdəkan kəndində sətəlcəmdən vəfat edib.

Mənbə sputnik.az


Digər xəbərlər


ABŞ-da da vəziyyət qarışdı - Yüzlərlə insan Ağ Evin qarşısında İranla müharibə əleyhinə aksiya keçirib - VİDEO

ABŞ-da yüzlərlə insan Ağ Evin qarşısında toplaşaraq İranla müharibə, habelə Birləşmiş Ştatların Yaxın Şərq siyasəti əleyhinə etiraz aksiyası keçirib....

“Sobsan boyaları” cərimələnib

Bakı Apellyasiya Məhkəməsində «Rəmzi-S» MMC-nin (Sobsan boyaları) cərimə edilməsi ilə bağlı məhkəmə qərarından şirkətin direktoru Orxan All...

Şərəfsiz ermənilər Azərbaycanlıların Soyqırımı günü Qarabağda “prezident seçki”ləri keçirəcək...

Bu həm də on illərdir Azərbaycanda oturub bu xalqa qarşı mənəvi-ruhi, iqtisadi-sosial soyqırımları davam etdirən ermənipərəst şəbəkənin əməllərinin n...

Təcili! YAP deputatlığa namizədlər siyahısını açıqlayır

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilir. İclasda 2020-ci ilin fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə...