11.01.2020

Poçt qiymətləri qalxa bilər

Ekspert: «O zaman Tarif Şurası poçt xidmətləri tariflərinin tənzimlənməsindən imtina edə bilər ki, ölkədə bu sahədə ciddi rəqabətli mühit olsun»

«Poçt haqqında» qanuna dəyişikliklərlə bağlı təkliflər hazırlanaraq müvafiq dövlət qurumları ilə razılaşdırılıb. APA-nın məlumatına görə, əsas təkliflər ölkədə göstərilən universal poçt xidmətlərinin subsidiyalaşdırılmasının dayandırılması və tariflərin poçt operatorları tərəfindən sərbəst təyin olunmasıdır. 

Ekspertlər poçt xidmətləri tariflərinin poçt operatorları tərəfindən sərbəst təyin olunması ilə bağlı məsələni Sputnik Azərbaycan-a şərh ediblər.

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, bazar iqtisadiyyatında fəaliyyət göstərən ölkə yavaş-yavaş rəqabətli mühit yaradaraq Tarif Şurasının tənzimlədiyi bir çox məsələlərdən imtina etməlidir: «Bu, normaldır. Amma birbaşa əhalinin gündəlik tələbatına cavab verən məhsul və xidmət növləri, o cümlədən kommunal xidmətlər və nəqliyyatın Tarif Şurası tərəfindən hələ bir müddət tənzimlənməsi normaldır. Bir çox hallarda Tarif Şurasının qiymətləri tənzimləməsi siyasətindən yavaş-yavaş imtina etmək lazımdır. Amma bu, vətəndaşların daha çox ödəniş etməsi hesabına deyil, bu sahələrdə ciddi rəqabət mühitinin yaradılması hesabına olmalıdır. Yəni o zaman Tarif Şurası poçt xidmətləri tariflərinin tənzimlənməsindən imtina edə bilər ki, ölkədə bu sahədə ciddi rəqabətli mühit olsun».

«Qiymət siyasətini rəqabətli mühit özü tənzimləməlidir. Nə qədər ki, belə bir rəqabətli mühit yaradılmayıb tariflərin Tarif Şurası tərəfindən tənzimlənməsindən imtina o anlama gələcək ki, qiymətlər sürətlə bahalaşacaq. Bunun qarşısını almaq üçün bu sahədə institusional dəyişikliklərə, ciddi rəqabətli mühitin yaradılmasına ehtiyac var və bundan sonra Tarif Şurası tərəfindən qiymətlərin tənzimlənməsindən imtina etmək olar», — deyə o bildirib.

Ekspert qeyd edib ki, məsələn, Rusiyada 90-dan çox poçt operatoru var: «Amma hələlik Rusiyanın milli poçt operatoru üstünlüyə malikdir. Lakin ciddi rəqiblər var, bu sahədə fəaliyyət göstərən özəl şirkətlər var və seçim imkanları mövcuddur. Buna görə də qiymətlərin tənzimlənməsi bazar iqtisadiyyatı qaydalarına uyğun aparılır. Bu, Avropada da, Türkiyədə də belədir».

«Yəni dövlət bir sahədə təbii inhisarçılıq yaradırsa, həmin sahədə qiymətlərin tənzimlənməsi dövlət tərəfindən aparılmalıdır. Bu, bir qızıl qaydadır. Çünki təbii inhisarçı şirkətin bazarda ciddi rəqibi yoxdursa, qiymətlərin tənzimlənməsi dövlət tərəfindən olmasa, ancaq qiymətin artması yönündə addımlar atacaq. Ona görə də dövlətin təbii inhisarında olan sahələrdə qiymətlərin tənzimlənməsi labüddür», — deyə o bildirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov isə Sputnik Azərbaycan-a deyib ki, universal poçt xidmətləri tariflərinin poçt operatorları tərəfindən sərbəst təyin olunması məqsədəuyğun deyil: «Bütövlükdə poçtun təşkili ilə bağlı strateji məsələlər var və dövlət vətəndaşların hüquqlarını qorumalıdır. Yəni poçt xidmətləri əhalinin bütün təbəqələri üçün əlçatan olmalıdır. Bunu bazar şəraitinin öhdəliyinə buraxmaq olmaz. Çünki sabah poçt operatorları hər hansı bir əsas gətirərək qiymətləri xeyli dərəcədə artıra bilər. Əgər belə olarsa, əhalinin aztəminatlı təbəqələri poçt xidmətlərindən necə istifadə edəcək? Çünki poçt xidmətlərinin şaxələndirilməsi mövcuddur və burada universal poçt xidmətləri var».

«Əgər universal poçt xidmətləri bazar qiymətləri əsasında poçt operatorların istəyi ilə müəyyən ediləcəksə, bunlar universal xidmətlər olmayacaq. O halda əhalinin müəyyən hissəsi üçün bu xidmətlər əlçatan olmayacaq», — deyə o qeyd edib.

Ekspert deyib ki, dünya təcrübəsində də dövlət poçt operatorlarına subsidiyalar ayırır: «Hətta büdcədən dotasiyaların verilməsi mümkündür və bu, dövlət üçün böyük yük deyil. Universal poçt xidmətlərinin tarifləri dövlət tərəfindən müəyyən edilməlidir. Məsələn, poçt göndərişləri əhalinin bütün təbəqələri üçün əlçatan olmalıdır və bu, dünya təcrübəsində də belədir. Burada dövlətin iştirakı zəruridir».

Qeyd edək ki, «Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları»na görə, universal poçt rabitəsi xidmətlərinin tarifləri Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilir. Digər poçt rabitəsi xidmətlərinin tarifləri poçt rabitəsi operatorları tərəfindən sərbəst şəkildə müəyyən edilir. Universal poçt rabitəsi xidmətlərinə aşağıdakılar aid edilir: çəkisi 2 kq-a qədər olan daxili və beynəlxalq məktub, banderol və kiçik paketlər (sadə və sifarişli); çəkisi 10 kq-a qədər olan daxili və beynəlxalq adi poçt bağlamaları. Aşağıdakı xidmətlərin milli operator tərəfindən göstərilməsi pulsuzdur: çəkisi 7 kq-a qədər olan daxili və beynəlxalq sekoqramların göndərilməsi; poçt rabitəsi obyektləri tərəfindən göndərilən xidməti poçt göndərişləri. Milli operator Azərbaycanın bütün ərazisində universal poçt rabitəsi xidmətlərinin göstərilməsini təmin edir.

Mənbə sputnik.az


Digər xəbərlər


Elektron qaydada pensiya təyin edilən şəxslərin sayı bəlli olub

2019-cu ilin əvvəlindən ölkəmizdə pensiyaların, ötən ilin son aylarında isə müavinət və təqaüdlərin, ümumilikdə 21 sosial təminat növünün (2 pensiya ...

Yanvarın 27-nə manatın məzənnəsi

Yanvarın 27-nə manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan Gülüstan.info-ya verilən məlumata görə, 27.01.2020-ci il tarixindən etibarən rəsmi məz...

McDonalds Çində filiallarını bağlayır

Çinin Uxan şəhərində yaranan və 30-a yaxın insanın ölümünə səbəb olan virus üzündən dünyanın ən böyük fəst-fud şəbəkələrindən biri olan McDonaldsı da...

Maliyyə Nazirliyi QHT-lərə xəbərdarlıq etdi

Qeyri-hökumət təşkilatları (QHT), ictimai birliklər və fondlar haqqında” qanuna əsasən, QHT-lər aprelin 1-nə qədər illik maliyyə hesabatlarını Maliyy...