23.02.2020

İlham Əliyev və Mehriban Əliyeva Vatikanda Sikstin Kapellası və Müqəddəs Pyotr Kilsəsi ilə tanış olublar

Fevralın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Vatikanda Sikstin Kapellası və Müqəddəs Pyotr Kilsəsi ilə tanış olublar.

Heydər Əliyev Fondu tərəfindən hazırda Vatikanda bir neçə layihə həyata keçirilir. 2019-cu ilin fevral ayında Heydər Əliyev Fondu ilə Müqəddəs Pyotr Kilsəsi arasında imzalanmış müqaviləyə əsasən, Müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı “Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefi və Vatikan Bazilikasındakı katakombalarda yerləşən “Tullius Zethus” məqbərəsi Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bərpa edilir və artıq işlər başa çatmaq üzrədir. Bu işlərin bu ilin may ayında başa çatması planlaşdırılır. 2019-cu ilin fevral ayında Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tacın Arxeologiya Şurası arasında imzalanmış müqaviləyə əsasən hazırda “Müqəddəs Komodiliya” katakombalarındakı mavzoleyin bərpası işləri aparılır və layihənin 2020-ci ildə başa çatması nəzərdə tutulur. 2016-cı ildə icrasına başlanan və 2018-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Müqəddəs Taxt-Tacın Mədəniyyət üzrə Pontifik Şurasının sədri Kardinal Canfranko Ravazinin iştirakı ilə açılışı olan “Müqəddəs San Sebastian kilsə-muzey kompleksində katakombaların bərpası” layihəsi çərçivəsində son tamamlama işləri yekunlaşıb.

Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr müqəddəs Taxt-Tacda çox yüksək qiymətləndirilir. Bu işlər Fondun ümumbəşəri dəyərlərə verdiyi töhfələri bütün dünyaya nümayiş etdirir. Bununla yanaşı, bu layihələr həm də ölkəmizin müxtəlif dinlərin abidələrinə və müqəddəs yerlərinə verdiyi önəmi göstərir. Bütün bunlar isə multikultural dəyərlərə sadiq və bu dəyərləri təşviq edən ölkə kimi Azərbaycanın dünyadakı mövqeyini və yerini, həmçinin dinlərarası dialoqun qurulmasındakı rolunu möhkəmləndirir.

Qeyd edək ki, Sikstin Kapellasının yerləşdiyi bina Vatikanda Renessans dövrü italyan incəsənətinin ən görkəmli abidələrindən biridir. Qeyd olundu ki, 1481-1483-cü illərdə kapellanın divarlarına Musanın və İsanın həyatlarından səhnələr təsvir olunan freskalar çəkilib. XV əsrdə dünya şöhrətli italiyalı heykəltəraş Mikelancelo kapellanın tavanının və mehrab divarının rəsmlərini yaradıb. Bura həm də muzey kimi fəaliyyət göstərir.

Vatikandakı Müqəddəs Pyotr Kilsəsi italyan intibah memarlığının ən məşhur nümunələrindən və dünyanın ən böyük kilsələrindən biridir. Kilsədə ilk Roma Papası hesab edilən Müqəddəs Pyotr dəfn edilib. Bura həm də məşhur ziyarətgah və dini mərasimlər yeridir. Buna görə də erkən xristianlıq dövründən etibarən əksər Roma papaları burada dəfn olunub.

Diqqətə çatdırıldı ki, Müqəddəs Pyotr Bazilikası həm də məşhur ziyarətgah və mərasim yeridir. Roma Papası il ərzində bazilika və ya onun qarşısındakı Müqəddəs Pyotr meydanında bir neçə dini mərasim keçirir.

Mənbə azertag.az


Digər xəbərlər


Koronavirusla mübarizəyə 5 milyon ayıran müğənni pərəstişkarlarına da pul yollayır

Ulduz müğənni Taylor Svift koronavirusla mübarizə üçün 5 milyon dollar pul ayırmaqdan əlavə pərəstişkarlarına da yardım edir. Gülüstan.info xəbər ...

Rauf Babayev vəfat edib

Bu gün Azərbaycanın Xalq artisti, müğənni Rauf Babayev 83 yaşında dünyasını dəyişib. Rauf Babayevlə vida mərasimi bu gün saat 13:00-da Təzə P...

Prezident Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında Sərəncam imzalayıb

Prezident İlham Əliyev martın 12-də görkəmli sənətkar, dünya şöhrətli opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Maqomayevin abidəsinin uc...

İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb

Azərbaycan neft sənayesinin təşəkkülündə mühüm xidmətləri olmuş böyük xeyriyyəçi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin xatirəsini...