14.01.2020

İlham Əliyev rəqəmlərlə Paşinyanın CAVABINI VERDİ

Azərbaycan prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına dair keçirdiyi müşavirədə Ermənistan baş naziri Nikol Paşinyanın da cavabını verib.

Prezident Nikol Paşinyanın 2020-ci ildə Ermənistanın adambaşına düşən Ümumi Daxili Məhsul istehsalının həcminə və bir neçə başqa parametrlər üzrə Azərbaycanı qabaqlayacağı ilə bağlı tezisini yanlış adlandırıb və konkret misallar çəkib.

“Dünyanın ən güclü orduları reytinqində Azərbaycan 52-ci, Ermənistan isə 96-cı yerdədir. O cümlədən hava gücü üzrə Azərbaycan 63-cü, Ermənistan 86-cı yerdədir. Dəniz gücü üzrə Azərbaycan 67-ci yerdədir, Ermənistanda dəniz yoxdur. Tank gücü üzrə Azərbaycan 32-ci, Ermənistan 78-ci yerdədir. Mənbə “Global Firepower 2019” hesabatıdır.

İndi əsas makroiqtisadi göstəricilərə diqqət yetirirəm. Beləliklə, 2019-cu ildə Azərbaycanın ümumi daxili məhsulu dollar ekvivalentində 47,6 milyard dollardır, Ermənistanda isə cəmi 13 milyard dollar. Alıcılıq qabiliyyətinə görə Azərbaycan 187 milyard dollar daxili məhsula sahibdir, Ermənistan 33 milyard, fərq 5,6 dəfədir. Adambaşına düşən ümumi daxili məhsul Azərbaycanda 4800 dollar, Ermənistanda 4500 dollardır. Alıcılıq qabiliyyətinə görə adambaşına düşən ümumi daxili məhsul Azərbaycanda 18 min 600 dollar, Ermənistanda 11 min dollardır. Valyuta ehtiyatları Azərbaycanda 51 milyard dollar, Ermənistanda 2 milyard dollardır, fərq 25 dəfədir. Xarici ticarət dövriyyəsi Azərbaycanda 33,6 milyard, Ermənistanda 7,4 milyard dollardır, fərq 4,5 dəfədir. İxrac — Azərbaycan 19,6 milyard, Ermənistan 2,4 milyard, fərq 8,1 dəfədir. Müsbət haldır ki, Azərbaycanda 6 milyard dollar, Ermənistanda mənfi saldo 2,6 milyard dollardır. Sərmayə qoyuluşu — keçən il Azərbaycana 13,5 milyard dollar qoyulubdur, Ermənistana 900 milyon, fərq 15 dəfədir. Xarici dövlət borcu — Azərbaycanın xarici dövlət borcu 7,9 milyard dollar, Ermənistanın 6 milyard dollardır. Azərbaycanda xarici dövlət borcu ümumi daxili məhsulun 17 faizini təşkil edir, Ermənistanda 40 faizdən çoxdur. Valyuta ehtiyatları Azərbaycanda xarici dövlət borcundan 6,4 dəfə çoxdur, Ermənistanda xarici dövlət borcu valyuta ehtiyatlarından 2,3 dəfə çoxdur. Adambaşına düşən xarici borc Azərbaycanda 799 dollar, Ermənistanda 1900 dollardır.

Əməkhaqları və pensiyalara dair məlumatı təqdim edirəm. Beləliklə, 2019-cu ilin dekabr ayında Azərbaycanda orta əməkhaqqı 723 manat — bu, 425 dollar təşkil edir, Ermənistanda 369 dollar. Alıcılıq qabiliyyətinə görə orta əməkhaqqı üzrə Azərbaycan MDB-də ikinci, Ermənistan doqquzuncu yerdədir. Minimum pensiya Azərbaycanda 200 manat, yəni 118 dollar, Ermənistanda 55 dollardır. Minimum pensiyaya görə Azərbaycan MDB-də ikinci, Ermənistan doqquzuncu yerdədir. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB-də birinci, Ermənistan onuncu, yəni axırıncı yerdədir. Orta pensiya Azərbaycanda 262 manat, yəni 154 dollar, Ermənistanda 84 dollardır. MDB-də orta pensiyaya görə Azərbaycan dördüncü, Ermənistan səkkizinci yerdədir. Orta pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB-də ikinci, Ermənistan axırıncı – onuncu yerdədir. Yoxsulluq səviyyəsi Azərbaycanda 4,8 faiz, Ermənistanda 24 faizdir, fərq beş dəfədir. Şəhid ailələrinə və müharibə əlillərinə 2019-cu ildə Azərbaycanda 934 mənzil verilibdir, Ermənistanda sıfır. Bütövlükdə Azərbaycanda bu kateqoriyadan olan insanlara 7590 mənzil verilib, Ermənistanda, bildiyimə görə, belə proqram mövcud deyil. Təkcə keçən il bu kateqoriyadan olan insanlara 600 avtomobil verilib, Ermənistanda sıfır. Bütövlükdə bu kateqoriyadan olan insanlara 6750 avtomobil verilib, Ermənistanda sıfır”.

Xatırladaq ki, bundan əvvəl, İlham Əliyev «Qarabağ Ermənistandır və nöqtə» ifadəsinə və Yerevanın mərkəzində Hitler almaniyası ilə Sovet İttifaqına qarşı əməkdaşlıq edən faşist cəlladı Qaregin Njdeyə ucaldılmış 6 metrlik abidəyə ilə bağlı Nikol Paşinyana sərt cavablar vermişdi. (modern.az)

Mənbə moderator.az


Digər xəbərlər


"Zərdən" asılı olan Paşinyan, müharibə riski, Azərbaycanın atmalı olduğu addımlar - Hərbi icmalçı ŞƏRH EDİR

«Zərdən» asılı olan Paşinyan, müharibə riski, Azərbaycanın atmalı olduğu addımlar — Hərbi icmalçı ŞƏRH EDİR «Atəşkəsin 26 ili...

Prezident İlham Əliyev Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki,...

Tramp Qeyts və Sorosun hədəfində – “Amerikada, Amerika səfirliyi işə başlayıb”

“Amerikada Amerika səfirliyi işə başlayıb, xəbərimiz yoxdur..? Daha doğrusu Tramp liberal-demokratların hədəfində”. Bu fikirləri Kanal8-də ABŞ-da ...

İlham Əliyev 3 fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə”...